Martın 16-da “Caspian Energy Club”un təşəbbüsü ilə pandemiya dövründə göstərdiyi dəstək üçün bir qrup hökumət nümayəndəsi və iş adamının təşəkkür sertifikatı ilə təltif edilməsi ilə bağlı mərasim keçirilib.
“Caspian Energy Club”un İdarə Heyətinin sədri, qrupun sədri və baş icraçı direktoru Telman Əliyev rəhbərlik etdiyi qurumun dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirdiyini, Xəzər, Qara dəniz və Baltik region dövlətləri ərazisində fəaliyyət göstərən nəhəng regional təşkilat olduğunu bildirib. Qeyd olunub ki, “Caspian Energy Club” pandemiya dövründə onlayn və oflayn formatda çoxsaylı tədbirlər keçirib. Həmin tədbirlərin keçirilməsinə və sahibkarların fəaliyyətinə verdiyi dəstəyə görə hökumət nümayəndələrinə təşəkkürünü çatdıran T.Əliyev ötən müddətdə dövlət qurumlarının sahibkarların problemlərinin qısa zaman ərzində həll edilməsinə çalışdığını vurğulayıb. Vurğulanıb ki, belə həssas dövrdə dövlət qurumları sahibkarların müraciətlərinə daha diqqətlə yanaşıb, onlara operativ reaksiya veriblər. “Caspian Energy Club”un tədbirlərində iştirak edən hökumət nümayəndələrinin dəstəyi nəticəsində bir çox şirkətlər vergiləri, kreditləri hissə-hissə ödəmək imkanı əldə edib, xarici bazarlara çıxışla bağlı müvafiq dəstək alıblar. Bu da onlara iflas vəziyyətindən çıxmağa imkan verib. Hazırda həmin şirkətlər fəaliyyətlərini davam etdirirlər. “Caspian Energy Club”un biznes qurumları ilə dövlət orqanları arasındakı bu əməkdaşlıq formatının bundan sonra da davam etdiriləcəyinə əminliyini vurğulayıb.
Tədbirdə daha sonra fəxri qonaqlara və “Caspian Energy Club”un üzvü olan şirkətlərə təşəkkür sertifikatları təqdim olunub. Klubun İdarə Heyətinin sədri T.Əliyev rəhbəri olduğu təşkilat adından bir sıra dövlət qurumlarının rəhbər şəxslərinə, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov, AZPROMO-nun icraçı direktoru vəzifəsini icra edən Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyliyə və digər hökumət nümayəndələrinə, eləcə də bir qrup iş adamına təşəkkür sertifikatlarını təqdim edib.
Təltifetmə mərasimində çıxış edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib ki, vergi orqanları dövlət-biznes dialoquna böyük önəm verir, həmçinin sahibkarların vergi öhdəliklərinin yerinə yetirilməsi üçün sadə, rahat və innovativ imkanların təmin edilməsi üçün davamlı olaraq yeni layihələr həyata keçirir. Xidmətin rəis müavini qeyd edib ki, biznes sektorunda şəffaflığın artırılmasına yönəli birgə səylərin nəticəsi olaraq, bu gün dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli şəkildə artıb.
Sertifikatla təltif edilən digər fəxri qonaqlar və klub üzvləri də çıxışlarında hökumət rəsmilərinin onların problemlərinin həlli üçün verdiyi dəstəkdən razılıqlarını ifadə ediblər.