Azərbaycan Respublikasının Baş Prokurorluğu və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə təlimi keçirilir

2022.03.16 16:35 (UTC+04:00)

Cinayət xarakterli materialların araşdırılması zamanı yaranan problemlərin düzgün və operativ həll olunması, bu məqsədlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun koordinasiyalı fəaliyyətinin təşkili məqsədilə “İbtidai araşdırma zamanı vergilərin hesablanması və vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi ilə bağlı ortaya çıxan problemlərin aradan qaldırılması üçün görülməli işlərə dair Tədbirlər Planı” təsdiq olunub. Tədbirlər Planı çərçivəsində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə birgə DVX-nin müvafiq sahə üzrə fəaliyyət göstərən əməkdaşları üçün “Vergi cinayətləri üzrə sübutların toplanmasının aktual problemləri, istintaq hərəkətlərinin tətbiqi metodikası” mövzusu üzrə təlim proqramı hazırlanıb və müvafiq sərəncama əsasən onun keçirilməsinə başlanılıb.

Təlimin açılış mərasimində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov çıxış ediblər. Qeyd olunub ki, dövlət orqanları arasında birgə əlaqəli fəaliyyət qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün əhəmiyyətlidir.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Talıb Cəfərov “Müasir Azərbaycan Prokurorluğu, onun sistemi. İslahatlar və qarşıda duran yeni vəzifələr”, Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Rövşən Maqsudov “Vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına prokuror nəzarəti” mövzuları üzrə təqdimatla çıxış ediblər.

Martın 19-dək davam edəcək təlimdə dinləyici qismində dövlət vergi orqanlarının müvafiq mütəxəssisləri ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müəllim heyəti də iştirak edir.