“Tullantıdan enerji” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb

2022.03.15 15:32 (UTC+04:00)

15 mart 2022-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar Future Energy Company” (“Masdar”) şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə günəş elektrik stansiyası layihəsinə həsr olunmuş təməlqoyma mərasimi çərçivəsində “Masdar” şirkəti və “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) arasında “Tullantıdan enerji” layihəsinə dair Anlaşma Memorandumu imzalanmışdır. Memorandumu Azərbaycan İnvestisiya Şirkəti tərəfindən icraçı direktor Ülvi Mansurov, “Masdar” şirkəti tərəfindən isə Baş icraçı direktor Mohammad Jameel Al Ramahi imzalamışlar.

Əsas məqsədi ekoloji cəhətdən təmiz texnologiyalardan istifadə etməklə tullantıların utilizasiyası zamanı enerji istehsal edilməsi layihəsinin təşəbbüsünü Azərbaycan İnvestisiya Şirkəti irəli sürmüşdür.

“Masdar” şirkətinin apardığı ilkin təhlil əsasında tikilməsi Qərb regionunda (Gəncə) nəzərdə tutulmuş zavodun emal gücü (tullantıların utilizasiyası) ildə 300 min ton ehtimal olunur.

Qeyd edək ki, 2006-ci ildə Birləşmiş Ərəb Əmirliyində yaradılmış “Masdar” şirkətinin əsas fəaliyyət istiqaməti bərpa olunan enerji layihələrinin həyata keçirilməsi və onlara investisiya qoyulmasıdır. Hazırda şirkət Avstraliya və BƏƏ-də “Tullantıdan enerji” zavodu layihələrini icra etməkdədir.