Əhali ilin əvvəlindən ərzaq məhsullarına 3,9 mlrd. manat xərcləyib

2022.03.14 15:19 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 7 mlrd. manatlıq, o cümlədən 3,9 mlrd. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,1 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6 faiz, qeyri-ərzaq malları üzrə 3,5 faiz artıb.

2022-ci ilin yanvar-fevral aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,4 faizi ərzaq məhsullarının, 6 faizi içkilər və tütün məmulatlarının, 15,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 faizi avtomobil benzini və dizel yanacağının, 4,9 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.