İcbari Sığorta Bürosu ilə Türkiyə Motorlu Taşıt Bürosu arasında “Yaşıl Kart” sistemlərinin inteqrasiyası üzrə əməkdaşlıq protokolunun imzalanması mərasimi keçirilib.
Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev Milli Sığorta Büroları arasında beynəlxalq xarakter daşıdığı üçün “Yaşıl Kart” sistemində əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini deyib. Qeyd edilib ki, Türkiyə və Azərbaycanın “Yaşıl Kart” sığorta büroları olan Türkiyə Motorlu Taşıt Bürosu və İcbari Sığorta Bürosu arasında imzalanacaq əməkdaşlıq protokolu “Yaşıl Kart” sistemi sahəsində tərəfdaşlıq və qarşılıqlı əməkdaşlığın təmin edilməsi məqsədi daşıyır.
İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov diqqətə çatdırıb ki, Türkiyə və Azərbaycan gömrük-sərhəd keçid məntəqələrində hər iki ölkənin “Yaşıl kart”larının etibarlılığının rəqəmsal texnologiyalardan istifadə edilməklə yoxlanılması mümkün olacaq. Tərəflər müvafiq qanunvericiliyin tələblərinə uyğun olmaqla məlumat mübadiləsi aparacaq və “Yaşıl Kart” məlumatları ilə bağlı gömrük-sərhəd keçid məntəqələrinə zəruri köməyin göstərilməsi işini təmin edəcəklər. Tərəflər arasında elektron sistemlərin inteqrasiyası “Yaşıl Kart” sisteminə qoşulmuş digər üzv ölkələr üçün nümunə təşkil etməklə yanaşı, rəqəmsal nəzarətin təmin edilməsinə imkan yaradacaq. İki qurum arasında aparılan inteqrasiya işləri saxta “Yaşıl Kart”ın etibarlılığını elektron qaydada müəyyən edəcək. Bu da öz növbəsində, saxta “Yaşıl Kart” sığorta şəhadətnaməsi ilə ölkəyə girişin qarşısını almış olacaq.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının Yol Nəqliyyatı üzrə İşçi Qrupunun nəzdində fəaliyyət göstərən “Yaşıl Kart” sistemi 1949-cu ildə beynəlxalq nəqliyyatı asanlaşdırmaq üçün yaradılıb. Azərbaycan və Türkiyənin “Yaşıl Kart” sığorta büroları olan İcbari Sığorta Bürosu və Türkiyə Motorlu Taşıt Bürosu 46 ölkənin sığorta bürosunun təmsil olunduğu və beynəlxalq yol-nəqliyyat hadisəsində zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsini təmin edən “Yaşıl Kart” sistemi üzrə əlaqələndirici ixtisaslaşdırılmış təşkilat kimi Bürolar Şurasının üzvləridir.