İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib

2022.03.11 16:45 (UTC+04:00)

Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müşaviri Səməd Bəşirlinin sədrliyi ilə keçirilən iclasda İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev ötən il sənaye zonaları və aqroparklarda görülmüş işlər barədə məlumat verib.

İclasda cari il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri, təşkilati-inzibati məsələlərlə bağlı müzakirələr aparılıb, Agentliyin strukturunun formalaşdırılması və digər zəruri hüquqi prosedurların qısa müddətdə tamamlanması ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyi Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2021-ci il tarixli Fərmanı ilə sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir.