Yanvar-fevral aylarında 13,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib

2022.03.11 16:42 (UTC+04:00)

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-fevral aylarında 13,1 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 1,4 faiz, qeyri-neft-qaz sektorunda isə 20,8 faiz artıb.

Sənaye məhsulunun 72,9 faizi mədənçıxarma sektorunda, 22,4 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,4 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 17,8 faiz artıb. Emal sektorunda tikinti materiallarının istehsalı 83,8 faiz, elektrik avadanlıqlarının istehsalı 78,2 faiz, mebel istehsalı 75,9 faiz, hazır metal məmulatlarının istehsalı 53,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 48,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 44,5 faiz, maşın və avadanlıqların istehsalı 43,3 faiz, əczaçılıq məhsullarının istehsalı 42,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 41,8 faiz, poliqrafiya məhsullarının istehsalı 37 faiz, neft məhsullarının istehsalı 25,4 faiz, kağız və karton istehsalı 24,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 23,2 faiz, qida məhsullarının istehsalı 14,1 faiz, geyim istehsalı 12,3 faiz artıb, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 9,7 faiz, tütün məmulatlarının istehsalı 10,3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 11,2 faiz, içkilərin istehsalı 15,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 27,8 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 12,8 faiz artıb.