İstehlak bazarında qiymətlər açıqlanıb

2022.03.11 16:01 (UTC+04:00)

Cari ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin eyni dövrünə nisbətən 112,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 106 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, cari ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 111,9 faiz olub. 2022-ci ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 117,2 faiz təşkil edib. Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, çörəyin, peçenyenin, vaflinin, qoyun, mal və toyuq ətinin, kolbasa məmulatlarının, təzə balığın, qatılaşdırılmış şəkərli və pasterizə olunmamış üzlü südün, xamanın, kəsmiyin, yoqurtun, pendirin, kərə yağının, süfrə marqarininin, bananın, naringinin, narın, heyvanın, balqabağın, pomidorun, xiyarın, kartofun, soğanın, sarımsağın, kələmin, şokolad məmulatlarının və konfetlərin, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə yumurtanın, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2022-ci ilin fevral ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin fevral ayına nisbətən 106 faiz təşkil edib. Cari ilin fevral ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma toz şəklində sintetik yuyuсu vasitələrin, diş pastalarının, kəsilmiş taxtaların, noutbukların, planşet tipli kompüterlərin və televizorların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2022-ci ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin fevral ayına nisbətən 109,3 faiz təşkil edib. Cari ilin fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma ictimai iaşə, bərbərxana, tibbi və stomatoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.