Martın 15-də Azərbaycan Mərkəzi Bankı (AMB), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Bakı Fond Birjası (BFB) tərəfindən yerli şirkətlər üçün “Qiymətli kağızların buraxılışı və Bakı Fond Birjasında listinq” mövzularında onlayn təlim keçiriləcək.
BFB-dən bildirilib ki, təlimdə kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat veriləcək. Tədbirin əsas məqsədi yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək və bu istiqamətdə beynəlxalq təcrübəni bölüşməkdir.
Qeyd edək ki, Bakı Fond Birjası əməkdaşlıq etdiyi investisiya şirkətləri və Azərbaycan Sahibkarlar Konfederasiyası ilə birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və fond birjasında listinqin təşviq edilməsi məqsədilə mütəmadi olaraq ödənişsiz təlimlər keçirir.