Martın 9-da keçirilən hərracda 13 nəqliyyat vasitəsi özəlləşdirilib

2022.03.09 16:15 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən özəlləşdirmə sahəsində yeniliklərin tətbiqi, elektron xidmətlərdən istifadə, hərracları internet vasitəsilə onlayn izləmək imkanlarının yaradılması investorların prosesə olan marağını artırır.

Dövlət Xidməti tərəfindən martın 9-da keçirilən növbəti hərracda 13 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılan avtomobillərə ümumilikdə 42 sifariş qəbul olunub.

Budəfəki hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya istehsalı avtomobillər olub. Həmin avtomobillərə edilən təkliflərin çoxluğu isə prosesi rəqabətli edib. İlkin start qiyməti 2.500 manat olan “VAZ 2106” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 4.000 manata özəlləşdirilib. Buraxılış tarixi 2006-ci il olan “VAZ 2107” markalı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 3.000 manat olmasına baxmayaraq, avtomobilin son qiyməti 3.900 manata yüksəlib.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3vRkvp3).

Məlumat üçün bildiririk ki, mart aynda daha 4 özəlləşdirmə hərracı keçiriləcək.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.