Son iki ayda əhaliyə müavinətlər üzrə 132 milyon, təqaüdlər üzrə 89 milyon manat ödənilib

2022.03.09 15:30 (UTC+04:00)

2022-ci ilin yanvar və fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 772 min şəxsə sosial müavinət və təqaüd ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlardan 407 min nəfəri sosial müavinətlə, 365 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.

Müavinət ödənişləri üçün ötən ilin müvafiq dövrünə nisbətən 34 faiz çox olmaqla 132 milyon manat, təqaüd ödənişləri üçün 25 faiz çox olmaqla 89 milyon manat sərf edilib.

Son üç ildə müavinət və təqaüdlərin də elektron təyinatı sistemləri işə salınıb. 2022-ci ilin 2 ayında 86 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.