Dəyişikliyə əsasən, qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 gündən ən geci 2 il müddətinə qədər uzadılıb. Eyni zamanda, idxal olunmayan mal və xidmətlərin dəyəri 10.000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb.
Bəzən banklar əvvəllər köçürülən avansın yük gömrük bəyannaməsi, təhvil-təslim aktı kimi malların gəlişini təsdiq edən sənədləri istəyirlər. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 iş günü ərzində Mərkəzi Banka təqdim edir. Burada əsas məqsəd ölkədən valyuta axınının qarşısını almaqdır.
Əgər bu qaydalar pozularsa, vergi ödəyicilərinə cərimələr tətbiq olunur. Bu zaman, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir. Bununla bağlı sənədləri mütləq şəkildə təqdim etmək lazımdır.
Misal: “AA” MMC xaricə 200.000 avro məbləğində avans köçürüb. Mallar gəlmədən və ya banka təqdim etmədən sənədlər Mərkəzi Banka getdikdə məbləğin 20 faizindən 30 faizinədək, yəni 40.000 avrodan 60.000 avroyadək cərimə tətbiq olunur.