Stablecoinlər və onların spesifik xüsusiyyətləri

2022.03.10 13:59 (UTC+04:00)

Son onilliklərdə rəqəmsallaşmanın və məlumat bazasının maliyyə sahəsinə ötürülməsi ilə bağlı qlobal tendensiyalar maliyyə və texnologiyanın birgə inkişafına şərait yaradıb. 2010-cu illərdə maliyyə sahəsində rəqəmsal innovasiyalar üzrə əhəmiyyətli dəyişikliklər baş verdi. Bu yeniliklər təkcə ödənişlər, kredit, investisiya və sığorta kimi maliyyə xidmətlərinə deyil, həmçinin maliyyə sisteminin əsası olan pulun özünə təsir göstərdi. COVID-19 böhranı isə rəqəmsal ödənişlərə keçidi sürətləndirdi.

Bu gün dünyanın hər yerində səlahiyyətli orqanlar həm inkişaf etməkdə olan texnologiyalara, xüsusən də paylanmış mühasibat texnologiyasının (DLT) və blokçeynin müxtəlif kombinasiyalarına əsaslanan rəqəmsal valyutaların və qeyri-mərkəzləşdirilmiş maliyyənin yüksəlişi və maliyyəni dəstəkləyən ənənəvi mərkəzləşdirilmiş sistemlərdəki irəliləyişlərlə üz-üzədir. Pul və ödəniş sistemlərində texnoloji inqilabın baş verdiyini iddia edənlər də var.

Mövcud siyasət müzakirələrində stablecoin müəyyən bir aktivə və ya aktivlər hovuzuna və ya səbətinə nisbətən sabit dəyəri saxlamaq məqsədi daşıyan kriptovalyuta kimi müəyyən edilə bilər. Stabilkoinlər token əsaslıdır; onların etibarlılığı, hesaba əsaslanan ödənişlərdə olduğu kimi, qarşı tərəfin kimliyinə deyil, işarənin özünə əsaslanılaraq yoxlanılır.

Stablecoinlər nədir?

Hazırda dünyada müxtəlif virtual valyuta növləri mövcuddur. Bunlardan biri də stablecoinlərdir. Stablecoinlərin xüsusiyyətlərinə nəzər salmazdan öncə, ümumiyyətlə, virtual valyutanın mahiyyətinə baxaq. Virtual valyutalar iki növ sxemlə mövcuddur: mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş. Mərkəzləşdirilmiş valyuta sxemləri mərkəzləşdirilməmiş valyutalardan daha əvvəl yaranıb. Mərkəzləşdirilmiş valyutaların mərkəzi depozitarı vardır və adətən, vahid bir təşkilat tərəfindən idarə edilir və onlara nəzarət olunur. Mərkəzləşdirilməmiş valyutaların isə vahid bir depozitar mərkəzi yoxdur, qeyri-mərkəzləşdirilmiş qaydada emissiya edilir və fəaliyyət göstərir. Mərkəzləşdirilmiş virtual valyutalar yeni virtual pul vahidlərinin yaradılmasını, əməliyyatların yoxlanılmasını və mühasibat əməliyyatlarının yeniləməsini üçüncü tərəfə etibar edir. Mərkəzləşdirilməmiş sistemlər dedikdə mərkəzi idarəetmə qurumunun (məsələn, mərkəzi bank) olmadığı və virtual valyutaların vahid mərkəzdən emissiya edilmədiyi sistemlər nəzərdə tutulur.

Mərkəzləşdirilməmiş virtual valyutalar blokçeyn və ya paylanmış mühasibat texnologiyası (distributed ledger technology - DLT) əsasında fəaliyyət göstərir. Blokçeyn texnologiyası ödəniş sistemləri, klirinq və hesablaşmalarda, xüsusilə e-hökumət sistemlərində prosedur və protokollardan istifadə etməklə əməliyyatlar aparmaq imkanı verən innovativ platformadır. DLT arxitektura baxımından mərkəzləşdirilməmiş və əməliyyatların həyata keçirilməsi məqsədilə onların verifikasiyası və avtorizasiyası üçün vasitəçilərin iştirakına zərurət olmayan şəbəkə mühitidir. Bütün ödəniş tranzaksiyaları kripto müdafiə olunaraq DLT şəbəkəsinə daxil olur və benefisiar ilə emitent arasında vasitəçi olmadan birbaşa (Peer-to-Peer) əlaqə yaradılır.

Stablecoinlər, hər hansı ölkənin milli valyutası və ya qızıl kimi aktivlərlə dəstəklənən və digər kriptovalyutalardan daha çox sabitlik təmin etmək üçün qurulmuş kriptovalyutadır və stablecoinlərin bir neçə növü mövcuddur:

- hər hansı bir ölkənin milli valyutası ilə dəstəklənən stablecoin;

- kriptoaktivlərlə dəstəklənən stablecoin;

- qiymətli metallarla dəstəklənən stablecoin;

- alqoritmik stablecoin.

Milli valyuta ilə dəstəklənən stablecoinlər daha çox yayılıb. Dəyərində kəskin dəyişimlər olan digər kriptovalyutalardan fərqli olaraq, milli valyuta dəstəkli stablecoinlər çox kiçik qiymət kənarlaşmalarına məruz qalır. Ancaq bu o demək deyil ki, bu növ stablecoinlər tamamilə təhlükəsizdir. Onlar bazarda nisbətən yenidir və riskləri barədə kifayət qədər məlumat olmadığı üçün investisiya edərkən ehtiyatlı olmaq lazımdır.

Kriptoaktivlərlə dəstəklənən stablecoinlərdə volatillik yüksək olur. Məsələn, 1 ABŞ dolları dəyərində kriptoaktivlə dəstəklənən stablecoin 2 ABŞ dolları dəyəri olan kriptoaktivlə dəstəklənə bilər. Beləliklə, dəstəkverən kriptoaktiv dəyəri tirdikdə 1 ABŞ dollarlıq əlavə dəyər yastıq rolu oynayaraq stablecoinin dəyərinə təsiri dayandırır.

Qiymətli metallarla dəstəklənən stablecoinlər, əsasən,qızıl və digər dəyərli metallarla öz dəyərini qoruyur. Bu stablecoinlər mərkəzləşdirilmiş formada olur və bu xüsusiyyət onları kriptobazardakı volatillikdən qoruyur.

Alqoritmik stablecoinlər heç bir aktivlə dəstəklənmir ki,bu da onun stablecoin kimi qəbul edilməsini çətinləşdirir. Bu növ stablecoinlər öz dəyərini qiymət dəyişikliyindən kompüter alqoritmi istifadə etməklə qoruyur. Bir alqoritmik stablecoinin qiyməti 1 ABŞ dollarına bağlanarsa, lakin stablecoinin dəyəri daha da yüksələrsə, alqoritm qiyməti aşağı salmaq üçün avtomatik olaraq dövriyyəyə daha çox coin buraxır. Qiymət 1 ABŞ dollarından aşağı düşdüyü halda alqoritm təklifi azaldaraq qiyməti əvvəlki səviyyəyə gətirir.

Stablecoinlərin ənənəvi pullardan fərqi nədir?

Kriptovalyutalar və adi valyutalar iki əsas xüsusiyyətə malikdir: onlar iki tərəf arasında maneəsiz ödənişləri təmin edir və dəyər ifadəsi kimi çıxış edir. Ənənəvi pulu nağd şəkildə xərcləyə və ya debet və ya kredit kartına yükləyə bilərsiniz. Adi valyutalar birbaşa alışlar, pul köçürmələri, fakturaların və ya vergilərin ödənilməsi və s. üçün istifadə edilə bilər. Mövcud ənənəvi pulların əksəriyyəti yalnız ölkədaxili ödənişlər üçün tətbiq olunur. Ölkədən xaricdə onları başqa valyutalara çevirmək lazım gəlir. Həmin əməliyyatlarda, adətən, mübadilə haqqı tətbiq edilir. Mübadilə üçün komissiya birbaşa göstərilməsə də, həmişə məzənnə marjası, yəni bankların və valyuta mübadiləsi xidmətlərinin ticarət etdiyi məzənnə ilə istehlakçılara təklif olunan məzənnə arasındakı fərqmövcud olur.

Kriptovalyutalara gəldikdə, onlar ənənəvi pul sisteminin hazırda təklif edə bilmədiyi xüsusiyyətləri də təklif edirlər: kriptovalyutaları hər kəs dünyanın istənilən yerində, istənilən vaxt banka və ya hökumətə ehtiyac olmadan xərcləyə və qəbul edə bilər. Bu, kriptovalyutaların ən inqilabi cəhətidir.

Stablecoinlər ənənəvi satış nöqtələrində gündəlik alış-veriş üçün də istifadə edilə bilər. Çoxvalyutalı pul kisələri ilə kriptonu tez bir zamanda ənənəvi pula çevirmək olur. Məsələn, ən məşhur multi-aktiv kriptopul kisələrindən olan “Trust Wallet” stablekoinləri ənənəvi pula çevirib nağdlaşdıraraq xərcləmək imkanı verir. 2019-cu ildə “BitPay” pul kisəsi proqramı bütün dünyada ticarətçilər və istehlakçılar üçün stabilcoin ödənişlərinin tətbiqini elan etmişdi. Kanadadakı “Instacoin” kimi bəzi kriptobankomatları seçilmiş yerlərdə ən populyar stablecoinlərin nağdlaşdırılmasını dəstəkləyir.

Digər tərəfdən, stablecoinlər hər yerdə qəbul edilmir. Onlardan istifadənin mümkünlüyü milli siyasət və qaydalardan asılıdır. Bəzi ölkələr kriptovalyutanı tamamilə qadağan edir, digərləri isə onun istifadəsini davamlı olaraq təbliğ edir.

Gündəlik alış-veriş üçün istifadədən başqa, stablecoinlərlə kripto birjalarında ticarət etmək də mümkündür. Bəzi birjalar stablecoinlərini borc verməyə və onlardan faiz qazanmağa imkan verir. Həm sabit, həm də çevik kreditləşdirmə modelləri, həmçinin şəxsdən-şəxsə (P2P) kripto kredit bazarları mövcuddur.

Stablecoinlə mərkəzi bank rəqəmsal valyutası arasındakı fərq nədir?

Hər hansı ölkənin rəqəmsal mərkəzi bank valyutası (CBDC) həmin ölkənin rəsmi valyutasının rəqəmsal ifadəsidir. CBDC monetar və fiskal siyasətin həyata keçirilməsini asanlaşdırır və iqtisadiyyatda maliyyə inklüzivliyini təşviq edir. CBDC-ni stablecoindən fərqləndirən əsas cəhət CBDC-nin ölkənin monetar siyasətini həyata keçirən orqan və ya mərkəzi bank tərəfindən emissiya edilməsidir. Stablecoin özəl təşkilat tərəfindən emissiya olunur.

Mərkəzi banklar tərəfindən dəstəklənən potensial rəqəmsal avro və rəqəmsal yuan kimi valyutalar yaxın illərdə reallığa çevrilə bilər. Bitcoin və Ethereum kimi kriptovalyutalardan fərqli olaraq, bu valyutalar daha az volatillik və daha çox təhlükəsizlik vəd edir. Bundan əlavə, onları maliyyə sabitliyinin təmin edilməsinə cavabdeh olan müvafiq pul institutları dəstəkləyəcək.

Xəyaləddin TAĞIYEV,
Ülfət YUSİFOV,
ödəniş sistemləri üzrə ekspertlər