Qazaxıstan xammal ixracatçıları üçün vergi imtiyazları tətbiq etməyi planlaşdırır

2022.03.09 13:43 (UTC+04:00)

Qazaxıstanda xammal ixracatçıları üçün artıq ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması qaydalarının sadələşdirilməsi nəzərdə tutulur. Dövlət Gəlirləri Komitəsinin yaydığı mətbuat açıqlamasında bildirilib ki, vergi dövrü ərzində xammal ixracından daxil olan valyutanın ən azı 50 faizini milli valyutaya konvertasiya edən sahibkarlıq subyektlərinin siyahısının hökumət tərəfindən təsdiqi üçün qərar layihəsi hazırlanıb. “Vergi Məcəlləsinin 434-cü maddəsində artıq ödənilmiş ƏDV-nin qaytarılması qaydasının sadələşdirilməsi ilə bağlı düzəliş olunub”, - Komitənin açıqlamasında qeyd edilib.

Dəyişikliyə əsasən, ixracatçılar artıq ödədikləri ƏDV-nin ən çoxu 80 faizini vergi yoxlaması keçirilmədən 15 iş günü müddətində geri ala biləcəklər. Layihənin həyata keçirilməsi üçün respublika büdcəsindən vəsait ayrılmayacaq. “Layihənin məqsədi vəsaitlərin milli valyuta ilə investisiya kimi qoyulmasına bazar şərtləri ilə müqayisədə daha əlverişli şərait yaratmaqdır”, - Dövlət Gəlirləri Komitəsinin açıqlamasında vurğulanıb.