Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.
İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uşotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.
Sualda qeyd olunan halda, icarə müqaviləsində göstərilən məbləğdən (1.000 manat) 14 faiz dərəcə ilə gəlir vergisi tutulmalı və qalan vəsait (860 manat) icarəyə verən şəxsə ödənilməlidir.
Eyni zamanda, icarə müqaviləsində müəyyən olunan icarə haqqı məbləği (1.000 manat) müvafiq qaydada rəsmiləşdirilməklə, vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.
Əsas: Vergi Məcəlləsinin 99.3-cü, 108-ci və 124-cü maddələri.