Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2019-cu ilin birinci rübü ərzində 1000-dən çox işsiz və işaxtaran şəxs özüməşğulluq proqramına cəlb olunub. Nazirlikdən verilən məlumata görə, həmin şəxslər arasında qadınlar 181 nəfər, əlilliyi olan şəxslər 352 nəfər, şəhid ailəsi üzvləri 26 nəfər, məcburi köçkünlər 261 nəfər, gənclər 67 nəfər təşkil edib.
Proqrama cəlb olunanlar üçün hazırda biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlar üzrə təlim keçilir. Yekunda iştirakçıların özüməşğulluq fəaliyyətinə hazırlıq səviyyəsinin, onların hazırladıqları biznes planlarının qiymətləndirilməsi həyata keçiriləcək. Biznes planları uğurlu hesab edilən və özüməşğulluq fəaliyyətinə hazır olduğu müəyyən edilən iştirakçılar kiçik ailə təsərrüfatlarının formalaşdırılması üçün aktivlərlə (mal və materiallarla) təmin ediləcək.