Türkiyə hökuməti duru yağlar üçün gömrük vergisinin tutulmasını dayandırıb

2022.03.05 14:17 (UTC+04:00)

Türkiyədə, günəbaxan yağını əvəz edə biləcək kanola, Amerika zəfəranı (aspir), qarğıdalı, soya və palma yağları üçün tutulan gömrük vergisinin dərəcəsi sıfıra endirilib. Bu qərar 2022-ci il iyun ayının sonuna qədər qüvvədə olacaq.

Bundan əlavə, bəzi kənd təsərrüfatı və qida məhsullarının ixracı ilə bağlı qərar vermək səlahiyyəti Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə verilib. Qırmızı ət və ağ ət, yumurta, kartof, pomidor, soğan, zeytun, zeytun yağı, limon, un, bulqur, marqarin və bəzi digər qida məhsullarının ixracı qaydalarında dəyişiklik etmək, bu məhsulların ixracına məhdudiyyətlər qoymaq səlahiyyəti Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyində olacaq. Nazirlik bu məhsulların ixracı ilə bağlı tənzimləyici qərarlar verə biləcək.