ABŞ Avropa məhsullarına əlavə gömrük vergisi tətbiq edir

2019.04.12 13:40 (UTC+04:00)

Trampın bu qərarından əvvəl Ağ Saray strukturunda birbaşa Prezidentə tabe olan ABŞ Ticarət Təmsilçiliyi "Airbus" şirkətinə verilən subsidiyalara qarşılıq olaraq, vergi tətbiq ediləcək malların siyahısını tutmuşdu. ABŞ Ticarət Nazirliyi də Aİ-nin "Airbus" şirkətinə verdiyi maliyyə dəstəyini səbəb göstərərək, Aİ ölkələrindən idxal edilən malların, o cümlədən aviasiyaya aid məhsulların, süd məhsullarının və şərabların siyahısını Prezident Administrasiyasına təqdim etmişdi. Nazirliyin hesablamalarına görə, Aİ-nin "Airbus" şirkətinə ayırdığı subsidiyalar ABŞ iqtisadiyyatına hər il 11 milyard dollar ziyan vuracaq. ABŞ-ın ticarət təmsilçisi Robert Laythayzer məsələ ilə bağlı açıqlama verərək deyib: "Bizim son hədəfimiz böyük mülki təyyarələrin istehsalına yaradılmış qeyri-taraz subsidiyalara son qoyulmasına dair Aİ ilə razılığa gəlməkdir. Aİ bu ziyanlı subsidiyaları dayandırdıqdan sonra ABŞ-ın tətbiq etdiyi əlavə gömrük vergiləri də ləğv oluna bilər".