Minimum əməkhaqqı alan şəxsin vergi və sosial ödənişlərinin hesablanması

2022.03.09 10:12 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, 1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda vergi 0 faiz, 8.000 manatdan çox olduqda 8.000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa, məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.

Sorğuda qeyd olunan halda işçinin 300 manat əməkhaqqından gəlir vergisi tutulmur və 16 manat sosial sığorta haqqı, 1,5 manat işsizlikdən sığorta haqqı, 6 manat icbari tibbi sığorta haqqı gəliri ödəyən şəxs tərəfindən tutulur.

Qeyd edək ki, işçilər öz əməkhaqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əməkhaqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərlər.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101.1-1-ci maddələri, “Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında", “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.