Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olan şəxs tərəfindən qeyri-rezident şəxsə məxsus sosial şəbəkədə reklamın yerləşdirilməsinə görə aparılan ödənişdən Vergi Məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur və ödəniş aparıldığı rübdən sonrakı ayın 20-dən gec olmayaraq ödəmə mənbəyində tutulan verginin bəyannaməsi vergi orqanına təqdim edilir.
Eyni zamanda, qeyri-rezidentə edilən ödənişlərə Vergi Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilir və növbəti ayın 20-dən gec olmayaraq “Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi” təqdim edilir.
Göründüyü kimi, vergi orqanında uçotda olan vergi ödəyiciləri elektron ticarət qaydasında alınmış xidmətlərə görə qeyri-rezidentə etdikləri ödəmələrə müstəqil qaydada 18 faiz dərəcə ilə ƏDV hesablamalı və bəyannamə təqdim etməklə hesablanmış ƏDV-ni büdcəyə ödəməlidirlər. ƏDV qeydiyyatında olan şəxsin qeyri-rezidentə görə büdcəyə ödədiyi ƏDV-ni Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq əvəzləşdirmək hüququ vardır.
Vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında xidmətlər alınarkən isə 18 faiz dərəcə ilə ƏDV ödəməni həyata keçirən banklar tərəfindən fiziki şəxsin hesabından tutularaq büdcəyə ödənilir.