KOBİA “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasında iştirak edir

2022.03.03 15:46 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, “Nargis” Fondunun təşkilatçılığı ilə Bakının “Fəvvarələr Meydanı”nda “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasında 20-dən çox əlil və aztəminatlı ailələrdən olan sənətkarlar, eləcə də mikro sahibkarlar tərəfindən hazırlanmış müxtəlif qida məhsulları, əl işləri və suvenirlərin satışı təşkil olunub.

KOBİA-dan bildirilib ki, koronavirus pandemiyası ilə bağlı ikiillik fasilədən sonra yenidən qapılarını Bakı sakinlərinə və şəhərimizin qonaqlarına açan yarmarkada qurulan evlərin kirayəsindən əldə olunacaq gəlir müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanması üçün istifadə ediləcək. Yarmarkanın ərazisində quraşdırılmış evlərdə şirniyyat, sular və şirələr, milli və xarici mətbəxə aid yeməklər, suvenir və hədiyyələrin satışı həyata keçirilir. Şəkil çəkdirmək və əylənmək üçün yarmarkanın ərazisində hər yaşa uyğun oyun zonaları, “Yaz evi”, Novruz Bayramına aid və digər müxtəlif tematikalı konstruksiyalar quraşdırılıb.

Yarmarka aprelin 10-dək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək.