Yeni təsis edilmiş aylıq Prezident təqaüdləri aprelin sonunda veriləcək

2019.04.12 10:15 (UTC+04:00)

"Məlumat verdiyimiz kimi, əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslər, habelə onlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər və müharibə veteranları, o cümlədən əmək pensiyası alanlar üçün aprelin 1-dən Prezidentin aylıq təqaüdü təsis edilib. Aprel ayı üzrə pensiyaların ödənişinə başlanılsa da, əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslərə və müharibə veteranlarına pensiyalarla birgə yeni təsis olunmuş təqaüdlərin hələ ki, verilməməsi ilə bağlı narahatlığa əsas yoxdur. Qeyd olunan təqaüdlər yeni təsis olunduqları üçün bu istiqamətdə texniki prosedurların həyata keçirilməsi üçün müəyyən vaxt tələb olunur".

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı məlumat verib. Şöbə müdiri bildirib ki, yeni təsis olunmuş müavinətlər aprel ayında alınacaq: "Əmək pensiyası alan birinci qrup əlilliyi olan şəxslər, habelə onlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər və müharibə veteranları, o cümlədən əmək pensiyası alanlar üçün yeni təsis olunmuş aylıq təqaüdlərin elə aprel ayından hesablanmaqla bu ayın sonunda verilməsi təmin olunacaq".