Rəqabət Məcəlləsinin qəbulu ölkəmizə investorların marağını artıracaq

2022.03.03 11:35 (UTC+04:00)

Rəqabət Məcəlləsinin qəbul olunması ölkəmizin iqtisadiyyatına, xüsusən regionların iqtisadi inkişafına mühüm töhfə verəcək. Rəqabət siyasətinin əsas məqsədi iqtisadi subyektlər arasında səmərəli və ədalətli rəqabəti təmin etmək üçün rəqabət azadlığını qorumaq və rəqabət üçün şərait yaratmaqdır. Rəqabət siyasətinin həyata keçirilməsi müəssisələrin rəqabət qabiliyyətini artırır və iqtisadi artımın təmin edilməsinin əsas şərtləri olan resurslardan optimal istifadəni və sosial rifahın ən yüksək səviyyəsini təmin edir.

Ölkəmizdə rəqabət mühiti formalaşsa da, bunun qanunla tənzimlənməsinə ehtiyac yaranmışdı. Çünki səmərəli istehsal və şirkətlər arasında rəqabət daha çox və daha keyfiyyətli və daha ucuz məhsul istehsalına səbəb olur və bazara daha geniş çeşiddə məhsullar çıxarılır. Bazardakı rəqabət innovasiyaları təşviq edir. Daha yaxşı məhsul istehsal etməyə çalışan şirkətlər meydana çıxır.

Rəqabət Məcəlləsinin tətbiqi Azərbaycanda istehsalın və məşğulluğun artmasına müsbət təsir edəcək, xarici investorların ölkəmizə marağını daha da artıracaq. Qeyd edim ki, ABŞ-da rəqabət siyasətinin prinsipləri Şerman Aktı (1890), Kleyton Aktı (1914) və Federal Ticarət Komissiyası Aktı ilə müəyyən edilmişdir. Avropada rəqabət siyasəti İkinci Dünya Müharibəsindən sonra inkişaf etməyə başladı. Qeyd etmək lazımdır ki, 1890-1990-cı illər ərzində rəqabət siyasətini yalnız bir neçə ölkə həyata keçirmişdir. 1990-cı ildən ölkələrin kütləvi şəkildə rəqabət siyasəti tədbirlərini həyata keçirməyə başladığı dövrdə iqtisadiyyatda köklü dəyişikliklər baş vermişdir. Hazırda 100-dən çox ölkə rəqabət siyasətini tətbiq edir.