Aqroparklarda məhsuldarlıq daha yüksək olur

2022.03.01 17:01 (UTC+04:00)

Uzun illər dünyanın bir sıra ölkələrində ərzağa olan tələbatın ödənilməsində aqrar sektorda fəaliyyət göstərən kiçik və orta fermer təsərrüfatları əsas rol oynayıb. Aqrar sahəsi ən çox inkişaf etmiş Niderland da hazırda orta və kiçik fermer təsərrüfatları məhsul istehsalında əsas paya malikdir. Lakin son dövrlər dünyada iri aqroparkların yaradılması sürətlə gedir.
Artıq Niderlandın özündə də kiçik və orta fermer təsərrüfatları maddi və maliyyə imkanlarını birləşdirərək aqroparklar şəklində fəaliyyət göstərir. Bunun bir səbəbi bankların iri fermer təsərrüfatlarına yüksək məbləğdə kredit vermək marağıdır. Hətta bir çox hallarda banklar iri aqroparkları maliyyələşdirməklə onlarla şərik olurlar.
Aqroparklar fermerlər də üçün hərtərəfli sərfəlidir. Belə ki, onlar yetişdirdikləri məhsulun bir hissəsini satmaqla yanaşı, öz istehsal sahələrində onu konservləşdirərək ilboyu alıcılara təqdim etmək imkanı qazanırlar. Belə olan halda xammal birbaşa fermerlərə məxsus olduğu üçün onun istehsal xərcinin aşağı olmasına imkan yaradır. Dünya bazarında isə keyfiyyət və aşağı qiymətə olan mallar rəqabət apara bilir. Beləliklə, Niderlandda kiçik və orta fermerlərin birləşdikləri aqroparklar dünya bazarında rəqabətdə asanlıqla üstünlük qazanırlar.
Bu o demək deyil ki, kiçik və orta fermer təsərrüfatları dünyanın aqrar sektorunda fəaliyyətlərini məhdudlaşdırıblar. Bütün dövlətlər maraqlıdır ki, kiçik və orta fermer təsərrüfatları fəaliyyətlərini davam etdirsin. Onun üçün inkişaf etmiş ölkələrdə daha çox onlara dövlət dəstəyi verilir. Bu təkcə iqtisadi məsələ deyil, həm də sosial məsələdir. Çünki həmin təsərrüfatlar əhalinin məşğulluğuna dəstək verir.
Azərbaycanda aqrar sektorda aparılan islahatlarda bu məsələyə həssaslıqla yanaşılır. Dövlət kiçik və orta təsərrüfata malik fermerlərə dəstək verməklə yanaşı, iri aqroparkların yaradılmasını da təşviq edir. Bunun nəticəsidir ki, son illər ölkənin ayrı-ayrı bölgələrində müxtəlif təyinatlı aqroparklar yaradılır, onlara güzsəştli şərtlərlə iri məbləğdə kreditlər verilir.
Prezident İlham Əliyev bu il yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibəsində ölkədə iri fermer təsərrüfatlarının yaradılmasının əhəmiyyətini vurğulayaraq demişdir: “Onu da bilməliyik ki, əhali artır, ildən-ilə tələbat artır, pandemiyaya görə ölkəmizə xarici vətəndaşların gəlişində azalma olub. Pandemiyadan sonra yenə də milyonlarla turist gələcək. Ona görə özümüzü demoqrafik perspektivləri nəzərə alaraq təmin etmək üçün biz ancaq müasir texnologiyalar, müasir suvarma sistemləri, iri fermer təsərrüfatları yaratmalıyıq. Kiçik və orta fermer təsərrüfatlarına indi kömək göstərilir, subsidiyalar və metodik tövsiyələr verilir. Bu işi təkmilləşdirməliyik”.
Dövlət başçısı həmin müsahibəsində bildirmişdir ki, taxılçılıqla məşğul olan kiçik fermer təsərrüfatlarında məhsuldarlıq 32 sentner olduğu halda iri fermer təsərrüfatlarında 60-70 sentnerdir.
Hazırda ölkəmizdə 32 rayonu əhatə edən 240 min hektar sahədə 51 aqropark və iri fermer təsərrüfatı var. Onlar fəaliyyət göstərdikləri əraziyə görə müxtəlif təyinatlıdır. Hazırda faliyyət göstərən aqropark və iri fermer təsərrüfatlarından 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıqla məşğul olur. Onlardan 1-i heyvandarlıq, 2-si isə çeşidləmə-qablaşdırma, həmçinin emal və logistika üzrə ixtisaslaşıb. Artıq bunlardan 44-ü aqropark kimi fəaliyyətə başlayıb, digərlərində layihələndirmə işləri aparılır.
İndiyədək 25 aqroparkın yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 184 milyon manat güzəştli kredit, 27 aqroparka isə 1 milyard manat dəyərində investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi almış 26 aqroparka texnika, texnoloji avadanlıqlar və qurğularının idxalına görə bir çox təsdiqedici sənədlər verilib və bu təsdiqedici sənədlər üzrə həmin aqroparklar 39,8 milyon manat dəyərində güzəştlər əldə ediblər. Bugünədək aqroparklara 1,3 milyard manat özəl investisiya qoyulub.
Aqroparkların yaradılması bölgələrdə həmçinin mühüm sosial məsələlərdən biri olan əhalinin məşğulluğunun təmin edilməsində də önəmli rol oynayır. Hazırda aqroparklarda ümumilikdə 4100-dək işçi daimi, 5000-dən çox işçi isə mövsümi işlə təmin olunub. Gələcəkdə aqroparkların hamısının tam gücü ilə fəaliyyətə başlaması əlavə 5000-dən çox iş yerlərinin yaradılmasına imkan verəcək.
Rüstəm KAMAL,
“Azərbaycan”