Tədbirin təşkilatçısı olan "Robotti Qlobal Fund"un rəhbəri Ayzek Şvarts konfrans iştirakçılarının Azərbaycanın əlverişli coğrafi və geosiyasi yerləşməsini və Yeni İpək Yolu üzərində mərkəzi qovşaq rolunu nəzərə alaraq, ölkəmizdə xarici investisiyalar üçün bütün zəruri elementlərin olduğunu dərk etdiklərini və bu səbəbdən səbrsizliklə buradakı şərtlərlə tanış olmaq niyyətində olduqlarını vurğulayıb. O, dünya iqtisadiyyatında artımın ümumi zəifləməsi fonunda qlobal investorların yeni bazarlara nəzər saldıqlarını və bu anlamda Azərbaycanın gözəl nümunə olduğunu bildirib.
Tədbiri açan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda əlverişli biznes mühiti, modern infrastruktur, dövlət təşviqləri, özəlləşdirmə perspektivləri və aydın strateji xəttin olması sərmayə cəlbi üçün əlverişli zəmin yaradır: "Azərbaycanda ictimai-siyasi, sosial və makroiqtisadi sabitlik, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində əlverişli mövqe, ucuz və kvalifikasiyalı əmək qüvvəsi və bazarlara azad ticarət sazişləri ilə çıxış imkanları mövcuddur. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, Azərbaycanda iqtisadi artım tempi MDB məkanından 1,5 dəfə çox olmaqla dayanıqlığını qoruyacaq. Artan iqtisadi aktivlik, genişlənən bazar, davamlı iqtisadi artım, tədiyyə və icmal balanslarının dayanıqlığı və post-neft dövrünün artım drayverlərinin müəyyənləşməsi investorlar üçün müsbət siqnallardır. Ən əsası isə Prezident İlham Əliyev tərəfindən ölkədə iqtisadi inkişafın məhz özəl sərmayələrin cəlbi ilə təmin edilməsi prioritet kimi müəyyənləşdirilib. Son 15 ildə 250 milyard ABŞ dolları sərmayə cəlb edən və hər nəfərə düşən sərmayə həcminə görə regionun lideri olan Azərbaycanda indiyədək xarici investorlar hər hansı ciddi çətinliklə üzləşməyib. Azərbaycanda davam edən struktur, biznes, məhkəmə-hüquq, səhiyyə və təhsil islahatları, infrastrukturun modernləşdirilməsi və xarici sərmayələr üçün açıq qapı siyasəti investorların maraqlarına xidmət edir".
Konfransda ABŞ, Türkiyə, Böyük Britaniya, Çin, İsrail, Avstriya, BƏƏ, Qazaxıstan və digər ölkələrdən olan sərmayədarlar Azərbaycanda əlverişli biznes mühitindən yararlanaraq investisiya qoyuluşlarını müzakirə edəcəklər. "VALUExCaspian Azerbaijan" investisiya konfransının ənənəvi formata çevrilməsi planlaşdırılır.