“Təmiz Şəhər” ASC Şuşada işləri davam etdirir

2022.02.28 18:31 (UTC+04:00)

Ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhəri işğaldan azad olunduqdan sonra​ şəhərdə bərk məişət tullantılarının idarə olunması​ prioritet məsələlərdən birinə çevrilib.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

“Təmiz Şəhər” ASC-nin​ bu sahədə 10 ildən çox müsbət təcrübəsi nəzərə alınaraq, Prezident İlham Əliyevin 2021-ci il 22 iyun tarixli ​ Sərəncamına əsasən, qurumun fəaliyyət dairəsi genişləndirilib və Şuşa şəhərinin ərazisində bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi, eləcə də zərərsizləşdirilməsi​ “Təmiz Şəhər” ASC tərəfindən öhdəliyə götürülüb.

Ötən müddət ərzində xüsusi texnika və işçi qüvvəsi cəlb olunmaqla Şuşada 450-dən çox ev və həyətyanı sahədə, 60-a qədər müxtəlif təyinatlı binada təmizlik işləri həyata keçirilib. Şəhərə 200 ədəd xüsusi konteyner gətirilərək müəyyən olunmuş tullantı meydançalarına yerləşdirilib.

​Hazırda “Təmiz Şəhər” ASC tərəfindən Şuşa şəhərində ətraf mühitə mənfi təsirlərin azaldılması, bərk məişət tullantılarının müasir ekoloji və texnoloji idarəetmə sisteminin yaradılması istiqamətində işlər davam etdirilir.