- Elçin müəllim, vergi ödəyicilərinə xidmət mərkəzlərinin yaradılmasında əsas məqsəd nədən ibarətdir və hazırda ölkə üzrə neçə belə xidmət mərkəzi fəaliyyət göstərir?
- Vergi ödəyicilərinə xidmət mərkəzləri vergi ödəyicilərinin qəbulu, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi məsələləri barədə onların məlumatlandırılması və izahat işlərinin aparılması, sualların cavablandırılması, elektron və şifahi xidmətlərin göstərilməsi zamanı vergi ödəyicilərinin rahatlığının təmin edilməsi və onlara göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə yaradılıb.
Vergi ödəyicilərinin bütün növ vergi xidmətlərini vahid bir mərkəzdən ala bilmələri, daha üstün xidmət standartlarının tətbiqi, vətəndaş məmnuniyyətinin artırılması, onlara elektron xidmətlərdən istifadə imkanlarının aşılanması və vergi orqanlarının müsbət imicinin yaradılması məqsədilə 2007-ci ilin may ayından etibarən mərhələli şəkildə vergi ödəyicilərinə xidmət mərkəzləri inşa edilib.
Ümumiyyətlə, Dövlət Vergi Xidməti üzbəüz xidmətlərin müasir standartlara cavab verən xidmət mərkəzlərində göstərilməsini təşkil edən ilk dövlət qurumlarındandır.
Hazırda ölkə üzrə 58 vergi ödəyicilərinə xidmət mərkəzi fəaliyyət göstərir. Bu xidmət mərkəzləri Dövlət Vergi Xidməti tərəfindən göstərilən xidmətlərin hər bir vergi ödəyicisi üçün əlçatan olmasını təmin edir, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə vergi ödəyicilərinə nümunəvi xidmət göstərir. Mərkəzlər, həmçinin, vergi orqanı olmayan şəhər və rayonlarda vergi ödəyicilərinə xidmətlərini təqdim edirlər. Xidmət mərkəzlərinin əsas məqsədi mərkəzin yerləşdiyi ərazidə fəaliyyət göstərən vergi ödəyicilərinə müasir standartlara uyğun ödənişsiz vergi xidmətlərinin göstərilməsidir. Bu mərkəzlərdə vergi ödəyicilərinə vergi qanunvericiliyi və qanunvericilikdə edilən dəyişikliklər, qüvvədə olan vergilər və onların hesablanması və ödənilməsi qaydaları, vergi bəyannamələrinin tərtib edilməsi və təqdim olunma müddətləri, vergi orqanlarında qeydiyyat məsələləri, vergi ödəyicilərinin və eləcə də vergi orqanlarının hüquq və vəzifələri haqqında məlumat və izahatlar verilir, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi sahəsində vergi ödəyicilərinin qarşılaşdıqları problemlər səlahiyyətlər çərçivəsində həll edilir.
- Vergi ödəyicilərinin xidmətlərə əlçatanlılığı necə təmin olunur və fəaliyyətinizin əsas istiqamətləri hansılardır?
- Xidmət mərkəzləri ilkin olaraq özünəxidmət üçün nəzərdə tutulsa da (kompüter terminalları), qısa müddətdə üzbəüz xidmətlərin göstərilməsinə başlanılıb və paralel olaraq xidmət mərkəzlərində vergi ödəyiciləri tərəfindən elektron xidmətlərdən istifadə üçün özünəxidmət masaları yaradılıb.
Bu gün Azərbaycanın vergi sistemi dünyanın ən qabaqcıl ölkələrində tətbiq olunan əksər vergi xidmətlərini vergi ödəyicilərinə təqdim edir. Hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin əksər hissəsi elektronlaşdırılıb. Eyni zamanda, e-xidmətlərin tam avtomatlaşdırılması, tətbiqinin genişləndirilməsi, əlçatanlığının artırılması və vergi ödəyicilərinin məmnuniyyətinin yüksəldilməsi məqsədilə hal-hazırda müvafiq təkmilləşdirmə işləri görülür, e-kabinetin yeni mükəmməl versiyası və mobil tətbiqi yaradılır.
- Mərkəzlərdə göstərilən xidmətin əsas üstünlükləri nədədir?
-Vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsində xidmət mərkəzlərinin böyük rolu var. 2014-cü ildən başlayaraq xidmət mərkəzləri müasir standartlara cavab verən elektron növbə, səsyazma sistemi, video müşahidə kameraları və elektron növbə sistemi avadanlıqları ilə təchiz olunub və göstərilən xidmətlərin qiymətləndirilməsinə başlanıb. Burada vətəndaşlara vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı izahatlar verilir, vergi ödəyicilərinə şəxsi vərəqələrindəki məlumatlara baxış imkanı yaradılır, vergi bəyannamələrinin tərtib edilməsində kömək, uyğunsuzluqların izahı və digər geniş spektrdə xidmətlər göstərilir. Həmçinin fiziki və hüquqi şəxslərin elektron qeydiyyatının aparılması, təsərrüfat subyektinin qeydiyyata alınması və qeydiyyatdan çıxarılması, fəaliyyətin bərpası, dayandırılması, xitam verilməsi, uçot məlumatlarında dəyişiklik, bəyannamələrin, hesabat və arayışların göndərilməsi, bankda hesabın açılması, bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın verilməsi üçün müraciətin qəbulu, e-qaimə fakturaların, məktub və ərizələrin göndərilməsi və s. məsələlər üzrə də vətəndaşlara lazımi kömək göstərilir.
- Qlobal elektronlaşma dönəmində vergi ödəyicilərinə xidmət mərkəzləri hansı yeniliklərə imza atıb, vergi ödəyicilərini hansı müasir layihələrlə sevindirib?
- 2013-cü ilin may ayında vergi orqanları ölkədə ilk dəfə yeni texnoloji layihə həyata keçiriblər. Ölkədə informasiya texnologiyalarının və mobil xidmətlərin davamlı inkişafı ilə əlaqədar Dövlət Vergi Xidməti tərəfindən göstərilən elektron xidmətlərin elektron audentifikasiya və elektron imzadan istifadə etməklə həyata keçirilməsi və bunun mobil qurğular vasitəsilə təqdim olunmasını nəzərdə tutan “Asan İmza” layihəsi elektron imzadan istifadə sahəsində böyük bir inqilabi yeniliyə səbəb olub.
Təkcə 2021-ci ildə 165.424 müraciət üzrə 261.984 “Asan İmza” sertifikatı verilib. Qüvvədə olan “Asan İmza” ilə mövcud “Asan İmza” sertifikatının (sertifikatlarının) yenilənməsi və yeni sertifikatların verilməsi elektron xidmətləri vasitəsilə vergi ödəyicilərinə 14.240 “Asan İmza” sertifikatı verilib. Dövr ərzində biznes sertifikatı əldə etmiş vergi ödəyicilərinin 51,3%-ni əvvəllər biznes tipli “Asan İmza” sertifikatı olmayan, sözügedən sertifikata ilk dəfə yiyələnən vergi ödəyiciləri təşkil edib.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 2021-ci il 3 dekabr tarixli Qanunun keçid müddəalarına əsasən, vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı məhdudlaşdırılıb. Belə ki, vergi ödəyiciləri vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə 2024-cü il yanvarın 1-dək daxil ola bilərlər.
Hazırda sayı 58-ə çatmış xidmət mərkəzlərinə müraciət edənlər elektron xidmətlərlə yanaşı, şifahi suallarına cavab alır, yazılı müraciətlərini təqdim edirlər. 2018-ci ildən etibarən bir sıra xidmətlərin tam olaraq yerində göstərilməsinə başlanılıb ki, bunun nəticəsində bunun nəticəsində artıq vergi ödəyiciləri hazır sənədi vaxt itkisinə yol vermədən bir müraciət çərçivəsində əldə edə bilirlər.
2021-ci ildən xidmət mərkəzlərində müraciətlərin qəbulu zamanı rəqəmsal əl imzasının tətbiqinə başlanılıb və nəticədə kağız daşıyıcısında qəbul olunan müraciətlərin 93,6%-95% aralığında elektron formada tərtib olunması təmin olunub. Kağız daşıyıcılarda sənəd dövriyyəsinin 93,6%-95% azaldılması nəticəsində göstərilən xidmətlərin müddətlərinin və inzibati xərclərin azaldılmasına (printerlərin yenilənməsinə, kartriclərin və boyanın alınmasına, printerlərin digər sıradan çıxan hissələrin alınmasına çəkilən xərclər), ətraf mühitin qorunmasına (ağacların kəsimi) və pandemiya dövründə sənədlər vasitəsilə virusun (COVID-19) yayılmasının qarşısının alınmasına (rəqəmsal əl imzası avadanlıqlarının dezinfeksiya edilməsi mümkündür və sərfəlidir, lakin kağız sənədlərinin dezinfeksiya edilməsi mümkünsüzdür (sənədlər yararsız hala düşə bilər)) əhəmiyyətli dərəcədə nail olunub.
- Könüllü fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulub.
Vergi orqanlarında könüllü fəaliyyət 15.04.2019-cu il tarixdə başlanılıb. 2020-ci ilin I və II rübləri üzrə Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilmiş ehtiyaclar əsasında könüllülərin cəlb olunması ilə bağlı Dövlət Vergi Xidmətinin rəsmi internet saytında 2020-ci ilin fevral ayında elan yerləşdirilib. Qısa müddət ərzində 700-dən çox müraciət daxil olub. Müraciət edənlər həm Bakıda, həm də respublikamızın regionlarında fəaliyyət göstərən xidmət mərkəzləri və Dövlət Vergi Xidmətinin digər strukturlarında könüllü kimi fəaliyyət göstərmək istəklərini bildiriblər.
Eyni zamanda, 2 aylıq fəaliyyətini bitirmiş könüllülərin qiymətləndirilməsi keçirilərək, qiymətləndirmə nəticələrinə görə onlara sertifikatlar təqdim edilib.
Hal-hazırda pandemiya ilə əlaqədar xidmət mərkəzlərində könüllü fəaliyyət müvəqqəti olaraq dayandırılıb.
- 15 il az vaxt deyil. Bu keçən dövr ərzində xidmət mərkəzləri etimadı doğrulda bilibmi?
- Yalnız 2021-ci ildə xidmət mərkəzlərində ümumilikdə 283.749 şəxs qəbul edilib, onlara 505.251 sayda xidmət göstərilib. Bu xidmət mərkəzlərinin yaradılmasının nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir.
Biz çalışırıq ki, vergi ödəyicisi vergi orqanından tam razı getsin. Məsələn, xidmət mərkəzlərində göstərilən xidmətlər tam ödənişsiz olaraq həyat keçirilir. Xidmət mərkəzlərinin əməkdaşları tərəfindən vergi ödəyicilərinə elektron xidmətlərdən istifadə ilə bağlı əməli kömək göstərilməklə yanaşı, onların informasiya texnologiyaları üzrə bacarıqlarının yaradılmasına da diqqət yetirilir. Məqsəd budur ki, vergi ödəyicisi növbəti müraciətlər zamanı özünə lazım olan xidmətlərdən müstəqil şəkildə yararlana bilsin.
Hazırda yeni koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu İnternet Vergi İdarəsində əvvəlcədən onlayn növbəyə yazılmaqla (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən təsdiq edilən “Vətəndaş qəbulu həyata keçirən qurumlarda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair Metodiki Göstərişlər”in tələblərinə uyğun olaraq həyata keçirilir.
Vergi ödəyicilərinin vergi, sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta sahəsində (öhdəlikləri ilə bağlı) məlumatlandırılması məqsədilə vergi ödəyiciləri ilə mütəmadi olaraq canlı və ya onlayn qaydada görüşlər keçirilir, Dövlət Vergi Xidmətinin xüsusi avtomobilləri vasitəsilə vergi ödəyicilərinin faktiki və ya hüquqi ünvanında ünvanlı xidmətlər göstərilir.
Düşünürük ki, yaxın gələcəkdə işğaldan azad olunmuş ərazilərimizdə də sahibkarlara xidmət mərkəzlərində ən yüksək səviyyədə xidmətin göstərilməsi ilə bağlı yeni layihələrimiz olacaq.
Eyni zamanda, Dövlət Vergi Xidmətinin təcrübəsindən yararlanaraq İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan digər qurumlarda da vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin təşkili prinsiplərinin tətbiqi nəzərdə tutulur.