Misirlə iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri müzakirə edilib

2022.02.26 14:32 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Misir Ərəb Respublikasının beynəlxalq əməkdaşlıq naziri, Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri xanım Rania Al-Maşat ilə görüşüb.

Ölkəmizdə Misirlə əlaqələrə önəm verildiyini qeyd edən Iqtisadiyyat naziri vurğulayıb ki, fevralın 25-də Bakıda 5-ci iclası keçirilən Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya tərəfdaşlığın inkişafı baxımından önəmli platformadır. Qeyd edilib ki, ticarət-investisiya əməkdaşlığı Azərbaycan-Misir əlaqələrinin əsas istiqamətlərindəndir. Ölkələrimizin biznes dairələri arasında işgüzar münasibətlər inkişaf edir. Müştərək Komissiyanın iclası çərçivəsində imzalanan sənədlər, təşkil edilən Azərbaycan-Misir biznes forumu da yeni əlaqələrin qurulmasına və birgə layihələrin reallaşdırılmasına töhfə verəcək.

Misir Ərəb Respublikasının beynəlxalq əməkdaşlıq naziri xanım Rania Al-Maşat ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadi tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bildirib.

Görüşdə tərəflər turizm, əczaçılıq, kiçik və orta sahibkarlıq, birgə layihələrin icrası sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.