Son dəyişikliklər vergi və maliyyə uçotuna soyuq münasibəti aradan qaldırıb

2022.02.26 11:27 (UTC+04:00)

Vergi Məcəlləsinə və digər aidiyyəti normativ hüquqi aktlara dəyişikliklər uçot sahəsində çalışanların fəaliyyətinə öz təsirini göstərir. “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilən Forumda çıxış edən Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayev qeyd edib ki, dəyişikliklər həm vergi orqanı, həm də vergi ödəyiciləri üçün əhəmiyyətli olmaqla yanaşı, dəyişikliklərin praktiki tətbiqində və sahibkarların bu dəyişikliklərə münasibətində fərqli yanaşmalar müşahidə olunur.

Onun sözlərinə görə, son dəyişikliklər ilk növbədə istər vergi uçotuna, istərsə də maliyyə uçotuna soyuq münasibəti, həmçinin qanuni müddəaların mövcud qeyri-müəyyənliklərini aradan qaldırır ki, bu da uçota münasibəti ciddiləşdirir.

Uçot sahəsində bəzi müşahidələrini diqqətə çatdıran M.Babayev deyib: “Sahibkarların və müəssisə rəhbərlərinin mühasibat işinin təşkilinə diqqəti artmağa başlayıb. Eyni zamanda, mühasibat sahəsində özəl təlimlərin sayı ən yüksək səviyyəyə çatıb. Milli Peşəkar mühasib sertifikasiyasının reallaşması mühasib peşəsinin reytinqinin yüksək olduğunu sübut edir. Bunlarla yanaşı, kənar, yəni müstəqil auditə də ehtiyac artıb.

Hesab edirəm ki, hazırda mühasiblər özlərini yerlərdə, yəni sahibkarlıq sübyeklərində vergi orqanının, dövlət büdcəsinin agentləri kimi görməyə başlayıblar. Şəffaf uçot bərqərar olduqca mühasib peşəsinə olan münasibət də ciddiləşir”.