Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində növbəti görüş Astara rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən sahibkarların iştirakı ilə təşkil olunub.
Görüşdə Astara Rayon İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun, Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin, KOBİA-nın Lənkəran KOB İnkişaf Mərkəzinin və maliyyə qurumlarının nümayəndələri, eləcə də rayonda fəaliyyət göstərən 30-a yaxın sahibkarlıq subyekti iştirak edib.
Tədbir çərçivəsində aidiyyəti dövlət qurumlarının nümayəndələri sahibkarları kənd təsərrüfatı sahəsində ölkədə həyata keçirilən və hazırda davam edən layihələr, eləcə də bu sahədə mövcud qanunvericilik, dövlət dəstəyi tədbirləri barədə məlumatlandırıb.
Tədbirdə sahibkarların qarşılaşdıqları çətinliklər, maliyyə resurslarına çıxış, torpaq sənədlərinin rəsmiləşdirilməsi və s. istiqamətlərdə müzakirələr aparılıb, təkliflər dinlənilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.