Biznes mühitinin dəstəklənməsi əsas hədəflərdən biridir

2022.02.25 16:09 (UTC+04:00)

“İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilən Forumda çıxış edən Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bildirib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas istiqamətlərindən biri biznes mühitinin dəstəklənməsinə hədəflənmiş dəyişikliklərdir: “Biznesi dəstəkləyən tədbirlərdən biri də kənd təsərrüfatı məhsullarının ticarəti üzrə bütün həlqələrdə ƏDV-nin ticarət əlavəsindən hesablanmasıdır. Bu, kənd təsərrüfatı məhsullarının istehsaldan son istehlaka satışını təmin edən təchizatçı şəxslərin ƏDV yükünün minimallaşmasına, habelə məhsulun yekun qiymətinin azalmasına imkan yaradır”.

İqtisadiyyatda prioritet sahələrdən birinin nəqliyyat sahəsi olduğunu deyən idarə rəisi əlavə edib ki, beynəlxalq və tranzit daşımalar üzrə yerli nəqliyyat şirkətlərinin rəqabətqabiliyyətliliyinin artırılması məqsədilə beynəlxalq və tranzit yük daşımalar üzrə nəqliyyat-ekspedisiya xidmətlərinin ƏDV-yə 18 faiz dərəcə ilə deyil, 0 faiz dərəcəsi ilə cəlb edilməsi qəbul edilmişdir.

N.İmanovun sözlərinə görə, banklar və kredit təşkilatları tərəfindən Vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsində şəhid olmuş şəxslərin, habelə Vətən müharibəsində şəhid ailəsi statusu almış şəxslərin 1 yanvar 2021-ci il tarixədək götürdükləri kreditlərin banklar tərəfindən silinməsinə görə banklara faiz gəlirləri hesablanmayacaq və silinən borcun tam məbləği üzrə yaradılan ehtiyatlar da xərclər kimi tanınacaqdır.

Həmçinin, ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara (“Yaşat”, “Qarabağ Dirçəliş” Fondları) müəssisələr tərəfindən köçürülən ianələrin bir hissəsinin mənfəət vergisindən azad edilməsi təsdiq edilmişdir. Hibrid və elektrik mühərriki ilə işləyən avtomobillərin idxalının vətışının, habelə elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucularının idxalı və satışının ƏDV-dən azad edilməsi kimi biznesi dəstəkləyən tədbirlər qanuna daxil edilmişdir.