Rusiya ilə Ukrayna arasındakı gərginlik dünya iqtisadiyyatına təsirsiz ötüşmür

2022.02.24 15:21 (UTC+04:00)

Millət vəkili Vüqar Bayramov bölgədəki gərginliyi şərh edərkən bildirib ki, Şərqi Avropadakı gərginlikdən təsirlənən birjalarda “Brent” markalı neftin qiyməti bir gündə 6 faiz artaraq 100 dollarlıq psixoloji həddi keçib: “Artıq “Brent” neftinin 1 bareli 102 dollara təklif olunur. Aydındır ki, gündəlik 12 milyon barel neft hasil edən Rusiya enerji bazarında qiymətlərə təsirini qoruyub saxlayır. İnvestorlar, xüsusən də Rusiyanın neft ixracatında dayanmaların olacağından ehtiyatlanırlar”.

Regiondakı gərginliyin Avropanın vahid puluna da təsirsiz ötüşmədiyini vurğulayan V.Bayramov Avropa İttifaqının sərhədlərində baş verən savaşdan qitə iqtisadiyyatının təsirləndiyini qeyd edib: “Təbii ki, Rusiya iqtisadiyyatı da savaşdan qazanan tərəf deyil. Öncədən proqnozlaşdırdığımız kimi rubl dəyər itirməkdə davam edir. Rusiya pulu bir gündə 7 faiz ucuzlaşıb. Ötən həftəni 1 dollar=76 rubl kursu ilə başa vuran Rusiya valyutası hər dollarda 14 rubl bənd ucuzlaşıb. Rublun məzənnəsinin növbəti dövrdə dəyişməsi Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların miqyasından da asılı olacaq”.