“Oxfam” və “Greenpeace” vətəndaş cəmiyyəti təşkilatlarının Fransa ofislərinin hazırladıqları hesabatda ölkənin ən varlı 63 sakininə məxsus şirkətlərin atmosferə atdıqları istixana qazları barədə göstəricilər əks etdirilib.
Hesabatda milyarderlərə aid şirkətlərin Yer kürəsinin atmosferinə hər il 152 milyon ton karbondioksid buraxdığı göstərilib ki, bu da Danimarka, Finlandiya ve İsveçin birlikdə göstəricisindən çoxdur.
Hesabatda COVID-19 pandemiyasının yayılmasının başlanğıcında prezident Emmanuel Makronun elan etdiyi iqtisadi siyasətdən 63 milyarderin ən çox faydalandıqları qeyd edilib.
Sənəddə Fransa milyarderlərinin pandemiya başlayandan 1,5 ildə sərvətlərini əvvəlki 10 ildən çox artırdıqlarına diqqət yönəldilib. Pandemiyanın başlanğıcından bəri öz sərvətlərini ikiqat artırmış 5 fransızın sərvətləri ölkənin ən kasıb əhalisinin 40 faizinin sərvətlərinə bərabər səviyyəyə çatıb.
Hesabatda “Paris iqlim sazişi”nin tələblərinə əməl etməyən şirkətlərə dividend vergisinin və iqlim vergisinin tətbiq olunmasının zəruri olduğu xüsusi vurğulanıb.