Qara Dəniz Ticarət və İnkişaf Bankının Xüsusi Toplantısı keçiriləcək

2022.02.24 12:23 (UTC+04:00)

Fevralın 25-də Yunanıstanın Saloniki şəhərində Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 15-ci Xüsusi Toplantısı keçiriləcək.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda Rəhbərlər Şurasına sədrlik Azərbaycanda olduğu üçün sözügedən növbədənkənar toplantının QDTİB-nin Azərbaycan üzrə Rəhbəri qismində maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulur. Növbədənkənar toplantının gündəliyində duran əsas məsələ isə 2022-2026-cı illər üzrə Bankın növbəti prezidentinin seçilməsidir. QDTİB-nin Rəhbərlər Şurasının növbəti - 24-cü İllik Toplantısı cari ilin iyun ayında Azərbaycanın sədrliyi ilə Bakı şəhərində keçiriləcək.