Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda maliyyə sanksiyası tətbiq olunur.
Məcəllənin 58.8-ci maddəsində “alış aktları”na yanaşma dəqiqləşdirilib. 1 yanvar 2022-ci ilə kimi kağız formada olan alış aktları malların mövcudluğunu sübut edən sənəd sayılırdı və alış aktının kağız formada təqdim olunmasına görə maliyyə sanksiyası tədbiq edilmirdi.Vergi Məcəlləsinə son dəyişikliyə əsasən, 1 yanvar 2022-ci ildən sonra kağız formada olan alış aktları malların mövcudluğunu sübut edən sənəd sayılmır.
Vergi Məcəlləsinin 71-2.1-ci maddəsində isə göstərilib ki, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.
Burada maraq doğuran cəhət oldur ki, kağız formada tərtib edilən alış aktı 5 gün müddətində elektronlaşdırılmalıdır.