Yaradıcı sənayelər son 20 ilin qlobal iqtisadi uğur hekayələrindən hesab olunur. Belə ki, sözügedən sahə dünyada ən sürətli inkişaf edən iqtisadi sektorlardan biri kimi qlobal səviyyədə hər il orta hesabla 2 trilyon ABŞ dollarından artıq gəlir yaradır.
Bu barədə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O qeyd edib ki, yaradıcı biznes, həmçinin böyük sosial əhəmiyyət kəsb edir, məşğulluq imkanları yaradır, yeni dəyərlər formalaşdırır və dayanıqlı transformasiyanın vacib elementinə çevrilir. KOBİA yaradıcı biznesin formalaşmasına və inkişafına dair müəyyən təkliflər verib: “İlk növbədə, sözügedən sahədə fəaliyyət göstərən şəxslərlə işin düzgün təşkil olunması məqsədilə “Kreativ sahibkarlar”ın reyestrinin yaradılmasını təklif edirik. Məlumdur ki, müxtəlif sahəvi və həssas qrupları birləşdirən assosiasiyalar tərəfindən çoxsaylı işlər görülür. Burada çalışanların bir reyestr üzərindən birləşdirilməsi inklüzivliyin artırılmasına və aparılan işlərin sinerji effektinin yaranmasına zəmin yaradar. Yaradıcı sənayelər turizm imkanlarının genişlənməsini şərtləndirən faktor kimi qəbul edilə bilər. Kreativ biznesin daha çox şəhərlərin inkişafına təkan verdiyini və ölkəmizin zəngin ənənələrini nəzərə alsaq yaradıcı turizm istiqamətinin genişlənməsini təklif etmək olar. Aqroturizm prinsiplərinə uyğun olaraq regionlarda fəaliyyət göstərən emalatxanaları, ailə müəssisələrini, həmçinin qonaqlama tipli obyektlərə uyğunlaşdırmaq mümkündür”.
O.Məmmədov diqqətə çatdırıb ki, klasterləşməyə dəstək vermək istiqamətində “kreativ klaster”lərin yaradılması məqsədəuyğun olardı. Bu tip strukturlar Bakı şəhərində çox az sayda fəaliyyət göstərir. Bu məqsədlə Mədəniyyət Nazirliyinin regionlarda olan tikililərindən istifadə qaydalarının müəyyən edilməsini təklif edirik. Müxtəlif araşdırmalar göstərir ki, kreativ məkanlar şəhərlərin canlanmasına təkan verir, bölgələrin müsbət imicini formalaşdırır, sənaye zonalarını mədəniyyət mərkəzlərinə çevirir, biznes və turistlər üçün cəlbediciliyi artırır. Bu sahədə ölkəni rəqabətdə irəli aparmaq üçün cəmiyyətin yaradıcılığını stimullaşdıran yeni ekosistemin qurulması sürətləndirilməlidir. Müxtəlif təşviqlərin, inkubasiya mərkəzlərinin, dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə modellərinin yaradılması istiqamətində görülən işlər keyfiyyətcə yeni, çağırışlara uyğun səmtdə davam etdirilməlidir. Bu mənada Vergilər Məcəlləsində nəzərdə tutulmuş qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə 2021-ci il yanvarın 1-dən 3 il müddətinə idxal olunan bir sıra məmulatlar üzrə vergidən azadolmalar müsbət hal kimi qiymətləndirilə bilər.
“Əksər vaxtlarda kreativ insanlar sahibkar olmaqda çətinlik çəkirlər və ya kreativ məhsulu bazara çıxara biləcək mütəxəssis çatışmazlığı ilə rastlaşırıq. Müvafiq sahələrdə sahibkarlıq bacarıqlarının aşağı olması səbəbindən bu istiqamətdə fəaliyyət göstərən insanlar çətinliklərlə üz-üzə qalırlar. Bu vəziyyətin aradan qaldırılması üçün KOBİA tərəfindən təlim və məsləhət xidmətləri göstərilə bilər. Eyni zamanda, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası tərəfindən peşəkar kursların təşkil edilməsini, bu kurslara fiziki qüsurlu insanları birləşdirən ictimai birliklərin resurslarını da cəlb etmək yaxşı olardı. Yaradıcı sənayelərin inkişafını şərtləndirən amillərdən biri də onların ixrac potensialının artırılmasıdır. Bu məqsədlə dövlət-özəl əməkdaşlığının potensialı artırılmalı, qanunvericilikdə müəyyən güzəştlər tətbiq edilməlidir. Misal kimi, yerli kinoindustriyada professional çəkiliş studiyalarının olmaması bu məhsulun ixrac imkanını aşağı salır. Həmçinin ixrac olunacaq kreativ məhsulların brendləşməsini təklif edirik. Burada sənaye və kənd təsərrüfatında dövlət dəstəkli “Made in Azerbaijan” brendi kimi yaradıcı biznesi ixraca təşviq edəcək brendin yaradılması daha yaxşı olardı.