Ötən il ölkədə Milli Ödəniş Sistemi (AZİPS, XÖHKS) vasitəsilə aparılan əməliyyatların ümumi həcmi 217,7 milyard manat, sayı isə 70,8 milyon ədəd təşkil edib.
Mərkəzi Bankdan bildirilib ki, hesabat dövründə Milli Ödəniş Sisteminin əsas komponentləri olan iri və təcili ödənişlər üzrə “Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi” (AZİPS) vasitəsilə keçən ödənişlərin sayı 1,1 milyon ədəd, həcmi 183,8 milyard manat, xırda və daim təkrarlanan ödənişlərin elektron daşıyıcılarla həyata keçirilməsinə imkan verən “Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi” (XÖHKS) üzrə isə ödənişlərin sayı 69,6 milyon ədəd, həcmi 33,9 milyard manat olub. 2020-ci il ilə müqayisədə aparılan əməliyyatların sayında AZİPS üzrə 22,8 faiz, XÖHKS üzrə isə 18,2 faiz artım olub. Milli Ödəniş Sistemi vasitəsilə kommersiya bankları tərəfindən aparılmış köçürmələrin sayı və həcmi 2020-ci illə müqayisədə müvafiq olaraq 18,3 faiz və 8,6 faiz artıb.