Kassa çekini ala bilməyən alıcı nə etməlidir?

2022.02.24 14:40 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi qanunvericiliyinə əsasən, pərakəndə ticarət fəaliyyəti üzrə nağd pul hesablaşmaları aparılan zaman istehlakçıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilib.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin müddəalarına əsasən, satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir. Qeyd olunanlara əsasən, yuxarıda göstərilən hallarda təqdim edilən mala görə alıcıya nəzarət kassa-aparatının çeki təqdim edilməlidir.

Vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.

Belə halları müşahidə edən alıcılar vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla, qeyri-anonim olaraq Dövlət Vergi Xidmətinin saytının “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edilən hallar Vergi Məcəlləsinin 16-cı və 24-cü maddələri və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.