“Aqroekspress” layihəsi çərçivəsində Rusiyaya növbəti yük qatarı göndərilib

2022.02.22 12:32 (UTC+04:00)

Fevralın 21-də “Aqroekspress” layihəsi çərçivəsində 1000 tonadək meyvə və tərəvəz məhsulları 20 vaqondan ibarət sürətli qatar vasitəsilə Astara stansiyasından Rusiyanın Dərbənd stansiyasına yola salınıb.

Bununla əlaqədar keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri və sahibkarlar iştirak ediblər.

Astara stansiyasının “Aqroekspress” sürətli yükdaşımalar marşrutuna daxil edilməsi bu xidmətin Azərbaycanda miqyasının genişləndirilməsinə, habelə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində imkanlarının artırılmasına yönəlmiş növbəti addımdır.

Məlumat üçün bildirək ki, fevralın 12-də “Aqroekspress” layihəsi çərçivəsində ölkəmizdə istehsal olunan 1000 tonadək xurma 17 vaqondan ibarət sürətli qatar vasitəsilə Ləcət stansiyasından Rusiyanın Moskva vilayətinin Selyatino stansiyasına yola salınıb.

Qeyd: “Aqroekspress” layihəsi “Aliance Logistics” MMC şirkəti və “Rusiya Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “RJD Logistika” Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan-Rusiya Biznes Şurasının, “Rusiya İxrac Mərkəzi” Səhmdar Cəmiyyətinin, “Roseksimbank”ın, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Rusiya Dəmir Yolları”nın dəstəyi ilə həyata keçirilir. “Aqroekspress” “RJD Logistika” və “Rusiya İxrac Mərkəzi” səhmdar cəmiyyətləri tərəfindən təqdim olunan, iki ölkə arasında sürətli qatarların köməyi ilə yüklərin çatdırılmasına yönəlmiş xüsusi xidmətdir. Bu layihə effektiv şəkildə qurulmuş ixrac-idxal loqistikası sayəsində yüklərin çatdırılma müddətinin qısaldılmasına və nəqliyyat xərclərinin azaldılmasına imkan yaratmaqla yanaşı, sahibkarlığın inkişafına dəstəkdir.