“Roseximbank”ın rəhbəri İqtisadiyyat Nazirliyində olub

2022.02.22 11:24 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Roseximbank”ın İdarə Heyətinin sədri Azər Talıbovla görüşüb.

Nazir Azərbaycanın Rusiya Federasiyası ilə əlaqələrinin uğurlu inkişafını qeyd edib, iqtisadi potensialın daha geniş reallaşdırılması, ticarət və investisiya əlaqələrinin gücləndirilməsi baxımından maliyyə tərəfdaşlığının önəmini vurğulayıb. Bildirilib ki, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin işğaldan azad edilmiş torpaqlarımızın böyük iqtisadi potensialı regional əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar yaradır.

İqtisadiyyat naziri Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığında bank sektorunun rolunu qeyd edib, “Roseximbank”la əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

“Roseximbank”ın İdarə Heyətinin sədri Azər Talıbov rusiyalı sahibkarların Azərbaycanda həyata keçirilən layihələrdə iştirakda marağını ifadə edib, işbirliyinin iqtisadi əməkdaşlığa, biznesin canlanmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına töhfə verəcəyini vurğulayıb.

Görüşdə Rusiya şirkətlərinin Azərbaycana növbəti işgüzar missiyalarının təşkili, həmçinin Rusiya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizin bərpası, enerji, dəmir yolu, əczaçılıq layihələrində iştirakı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.