İlon Mask keçən il 5,74 milyard dollarlıq səhmlərini xeyriyyə qurumlarına bağışlayıb

2022.02.22 13:55 (UTC+04:00)

Dünyanın ən bahalı avtomobil markası olan “Tesla”nın rəhbəri İlon Mask 2021-ci ilin noyabr ayında şirkətin 5,74 milyard dollar dəyərində səhmlərini xeyriyyə qurumlarına bağışlamaqla böyük vergi üstünlükləri əldə edib.

Amerika Birləşmiş Ştatlarının Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) qeydlərinə görə, İ.Mask 19-29 noyabr tarixləri arasında xeyriyyə təşkilatlarına bağışladığı “Tesla” səhmlərinin sayı 5 milyon 44 min ədəd olub.

Qeyd edək ki, İ.Mask noyabr ayında “Twitter”də 63 milyon izləyici arasında şirkətin səhmlərinin 10 faizini satıb-satmamaqla bağlı sorğu keçirmiş, sorğudan sonra şirkətdəki səhmlərinin 5 milyard dollarlıq hissəsini satmışdı.

İ.Mask 2021-ci ildə 11 milyard dollardan artıq vergi ödəməli olduğunu bəyan etmişdi. https://vergiler.az/news/international/16234.html İ.Maskın qənaətinə görə, bu, Amerika tarixinin ən yüksək vergi bəyannaməsi idi.

Siyasət Araşdırmaları İnstitutunda vergi siyasətləri sahəsinin eksperti Bob Lord “Reuters” agentliyinə açıqlamasında İ.Maskın öz səhmlərini xeyriyyə qurumlarına bağışlamaqla böyük vergi üstünlükləri əldə edəcəyini bildirib. Onun sözlərinə görə, dünyanın ən zəngin insanı olan İlon Mask 5,74 milyard dollarlıq ianəsinin 40 faizindən 50 faizinədək hissəsinə qənaət etmiş olacaq.

Mask bu addımı atmaqla 2021-ci ildə dünyanın ən böyük xeyriyyəçiləri siyahısında ikinci yerə yüksəlib. Siyahıya Bill Qeyts ilə Melinda Frenç Qeyts başçılıq edir.