Əsas vəsaitlərlə bağlı təcrübəsiz mühasiblər müəyyən yanlışlıqlara yol verirlər. Bəzən belə təsəvvür yaranır ki, əsas vəsaitlər alındısa, mütləq anbara daxil olmalı, istismar edilmirsə, anbarda qalmalıdır ki, nəzarət orqanlarının əməkdaşları yoxlamaya gəldikdə onları yerində görsün.
Əslində, məsələ təsəvvür olunduğu kimi deyildir. İlk növbədə bilməliyik ki, vergitutma məqsədləri üçün əsas vəsaitlər istifadə müddəti 1 ildən, dəyəri isə 500 manatdan çox olan, Vergi Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir.
Bu meyarlara uyğun gələn böyük sayda əsas vəsait sadalamaq mümkündür. Ancaq ölçülərinə, çəkilərinə, hissələrinə və istifadə məqsədlərinə görə bir-birilərindən kəskin fərqlənən vəsaitlərin hamsının anbara qoymaq ya mümkün, ya da məqsədəuyğun deyil.
Bəs əsas vəsait harada olmalıdır?
Əsas vəsaitlər istənilən yerdə və ya istifadə olunduqları məkanlarda ola bilər. Nəzarət orqanı üçün əsas vəsaitlərin müəssisənizin hansı küncündə olması maraqlı deyil. Maraqlı olan onların mövcudluğu, dəyərinin düzgün təyin edilməsi, istismara verilibsə, istismara verilməsi vaxtını təsdiq edən “Əsas vəsaitlərin istismara verilməsi aktı”nın mövcudluğu və onlara amortizasiyanın düzgün hesablanmasıdır.
Buna görə də əsas vəsaitlərin işçilərdə olmasında və hətta onları işçilərin evə aparmasında heç bir qanun pozuntusu yoxdur. Məsələn, indiki dövrdə heç bir müəssisəni kompütersiz təsəvvür etmək mümkün deyildir. Əgər işçi müəssisəyə məxsus noutbuk ilə çalışırsa, həmin avadanlıq ona yazılı formada təhkim edilməlidir. Bununla yanaşı, işçi ilə bağlanmış əmək müqaviləsində də onun müəssisəyə məxsus noutbukla çalışacağı göstərilsə, yaxşıdır. Əgər bu şərtlərə riayət olunsa, əsas vəsaitlərlə bağlı operativ vergi nəzarəti və ya digər nəzarət tədbirləri zamanı problem yaranmaz.
Bu cür hallara Əmək Məcəlləsinin tələbləri də yol verir. Məcəllənin 2-ci maddəsində göstərilir ki, bu Məcəllə işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını öz evində yerinə yetirən işçilərə də şamil edilir.