“TEKNOFEST”də iştirak etmək istəyən sahibkarların nəzərinə!

2022.02.21 17:59 (UTC+04:00)

Bakıda ilk dəfə keçiriləcək “TEKNOFEST” Aerokosmik və Texnologiyalar festivalına olan maraq və çoxsaylı müraciətlər nəzərə alınaraq bir neçə müsabiqə üzrə qeydiyyat müddəti 28 fevral 2022-ci il tarixinə kimi uzadılıb. Bunlar “Baku Skills”, “Yaşıl texnologiyalar”, “Aqrar texnologiyalar”, “Sosial yönümlü texnologiyalar” və “Robotexnika” üzrə müsabiqələrdir.

“Ağıllı şəhər” konsepsiyasını özündə ehtiva edən “SMART QARABAĞ” Hakatonun son müraciət müddəti isə 1 aprel tarixinə kimi uzadılıb.

“Peyk modelləşdirilməsi”, “Pilotsuz uçuş aparatları” və “Planer” adlı yarışlara qeydiyyat isə 17 fevral tarixindən etibarən dayandırılıb.

Qeyd edək ki, “TEKNOFEST”’ Aerokosmik və Texnologiya festivalı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu ilin 26-29 may tarixlərində Bakıda keçiriləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də festival çərçivəsində keçiriləcək müsabiqələrə və yarışlara dəstək göstərən təşkilatlar sırasındadır. İnnovativ ideya və layihələri olan gənc sahibkarlar yarışlarda iştirak edə bilərlər.