Vergi güzəştləri investorlar üçün stimul yaradır

2019.04.10 12:38 (UTC+04:00)

Azərbaycan hökuməti əczaçılıq məhsullarının idxal səviyyəsini azaltmaq niyyətindədir. Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının "Market Analysis Azerbaijan 2019" hesabatında qeyd edilib ki, yeni sənaye parkında dərman və tibbi ləvazimatların istehsalı ilə məşğul olacaq və 100 milyon ABŞ dolları investisiya tutumu olan üç zavodun işə salınmasını əhatə edən layihə həyata keçirilir. Hökumətin hesablamalarına görə, 2019-ci ildə həmin zavodlarda 22 milyon dollar dəyərində əczaçılıq məhsullarının istehsal edilməsi mümkün olacaq. Ortamüddətli dövrdə bu rəqəmin 50 milyon dollara çatması gözlənilir. Təhlildə Azərbaycandakı sənaye parkında qeydiyyatdan keçən rezidentlərin bir sıra güzəştlərdən yararlandıqları vurğulanıb: "Onlar 7 il müddətində gəlir və əmlak vergilərindən azad ediliblər. Bu müddətdə həmin zavodlarda istifadə olunmaq üçün xaricdən gətirilən avadanlıqlar da idxal gömrük rüsumlarından azaddır".