İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) Yüksək Tələbat İstehlak Malları (FMCG) Komitəsinin üzvləri arasında Dövlət Xidmətinin rəqabətin tənzimlənməsi, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət istiqamətləri üzrə fəaliyyətinə həsr olunmuş görüş keçirilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, qurumun nümayəndələri qurumun fəaliyyət istiqamətləri barədə məlumat verərək, antiinhisar nəzarəti, rəqabətin məhdudlaşdırılması və rəqabətə zidd davranışların qarşısının alınması istiqamətində davamlı institusional islahatların aparıldığını, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə rəqabətin təşviqi üçün yeni alətlərdən istifadə olunduğunu qeyd ediblər. Bildirilib ki, istehlakçı hüquqlarının müdafiəsində sahibkarlıq subyektlərinin rolunun artırılması və nəticə etibarı ilə istehlakçı məmnuniyyətinə nail olunması məqsədilə müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarlarla mütəmadi görüşlər keçirilir. Bununla yanaşı, tədbir iştirakçılarına Dövlət Xidməti ilə Mediasiya Şurası arasında əməkdaşlığın mahiyyətindən danışılıb.
Görüşdə, həmçinin istehlakçı hüquqlarına və istehlak bazarına nəzarətə aid təkmilləşdirilmə layihələrində strateji istiqamət və bu sahələrdə keyfiyyət infrastrukturunun rolu haqqında məlumat verilib. Sonda Dövlət Xidmətinin nümayəndələri “AmCham” FMCG Komitəsinin üzvlərini maraqlandıran sualları cavablandırıb.