Ötən il ölkədə 69 min yeni iş yeri açılıb

2022.02.17 17:10 (UTC+04:00)

2021-ci il ərzində ölkədə 69 min yeni iş yeri açılıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə yaradılmış iş yerlərinin 88,8 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 77,1 faizi Bakı şəhərinin, 0,6 faizi Naxçıvan Muxtar Respublikasının, 22,3 faizi digər regionların, o cümlədən 4,7 faizi Abşeron-Xızı, 3,8 faizi Gəncə-Daşkəsən, 2,3 faizi Lənkəran-Astara, 2,2 faizi Quba-Xaçmaz, 2 faizi Şəki-Zaqatala, 1,5 faizi Qazax-Tovuz, 1,4 faizi Şirvan-Salyan, 1,3 faizi Mərkəzi Aran, 1 faizi Qarabağ, 1 faizi Mil-Muğan, 0,8 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 10,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 87,2 faizi mövcud müəssisə və təşkilatlarda, 0,6 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 2,1 faizi isə digər tədbirlər üzrə yaradılıb. Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 21,7 faizi tikinti, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 11,2 faizi emal sənayesi, 6,5 faizi peşə, elmi və texniki fəaliyyət, 5,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 5,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi təhsil, 3,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 11,6 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, 2021-ci il ərzində ölkədə 11,6 min iş yeri bağlanıb. Bu dövrə bağlanmış iş yerlərinin 30,7 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 32 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 68 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.