Ezamiyyə xərclərinin gəlirdən çıxılması

2022.02.21 10:09 (UTC+04:00)

Vergi Məcəlləsinin 108.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyələr üzrə ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır.

Nazirlər Kabinetinin "Ezamiyyə xərclərinin normaları" haqqında qərarına əsasən, indiyə qədər ezamiyyə xərclərinin təsdiqedici sənədləri olmasa da, bu xərclərin tam məbləğdə ezamiyyə xərci kimi tanınmasına imkan verilirdi. Vergi Məcəlləsinə son dəyişikliklə təsdiqedici sənədlər olarsa, xərclərin tam məbləğdə ezamiyyə xərci kimi tanınacağı qeyd olunub. Təsdiqedici sənədlər olmadıqda isə ümumi ezamiyyə normasının 20 faizinin (gündəlik xərclər) tam məbləğdə, ezamiyyə normasının 80 faizinin (mehmanxana xərcləri) isə 50 faizinin gəlirdən çıxılmasına imkan verilir.

Misal: Bakı şəhərinə ezamiyyətə göndərilmiş işçi 1 gün ezamiyyədə olmuş, mehmanxanada qalmasına aid təsdiqedici sənəd əldə etməmişdir. Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq həmin şəxsə 90 manat ezamiyyə məbləği ödənilir. Gəlirdən çıxılan xərc isə bu cür hesablanır:

90 x 20% = 18 manat

90 x 80% x 50% = 36 manat

18 + 36 = 54 manat.

Beləliklə, nəzərdən keçirdiyimiz misalda 54 manat ezamiyyə xərcinin gəlirdən çıxılması mümkündür. Yerdə qalan 36 manat isə gəlirdən çıxılmayan xərc hesab edilir və bölüşdürülməmiş mənfəətdən azaldılır.