Füzuli şəhərində Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş yaşayış məhəlləsinin tikintisi Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) tapşırılıb. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı müvafiq göstərişlərinə əsasən işlər uğurla davam etdirilir.
MİDA-dan bildirilib ki, Agentlik işlərin ən yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün lazım olan bütün tədbirlərin həyata keçirilməsini davam etdirir. Artıq yaşayış məhəlləsinin ərazisinin şaquli planlaşdırması üçün açıq tender elan edilib. Ənənəviliklə müasirliyin vəhdət təşkil edəcəyi məhəllədə yerləşən çoxmənzilli binaların layihə - smeta sənədlərinin hazırlanması sürətlə davam etdirilir və tezliklə başa çatdırılacaq. Bu sənədlər dövlət ekspertizasından keçdikdən sonra tikinti işlərinin yerinə yetirilməsi üçün açıq tenderlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada elan ediləcək.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanaraq işğal altında olan torpaqlarımızı azad etməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması tarixi hadisədir.
Vətən müharibəsinin başa çatdığı ilk gündən Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə Qarabağın işğaldan azad olunmuş ərazilərində əsas mühəndis–kommunikasiyaların bərpası və zəruri infrastrukturun yaradılması istiqamətində tədbirlər həyata keçirilməklə irimiqyaslı layihələrin icrasına başlanılıb. Bu ərazilərin dirçəldilməsi və Qarabağa “Böyük Qayıdış”ın təmin edilməsi istiqamətində aparılan genişmiqyaslı işlər məhz dövlətimizin başçısının böyük əzmkarlığı, qətiyyəti və güclü siyasi iradəsinə əsaslanır.
Ötən müddət ərzində azad edilmiş ərazilərdə başlanılan bərpa, quruculuq, abadlıq işləri hazırda da uğurla və sürətlə davam etdirilir, əhalinin doğma yurdlarında daimi məskunlaşmasının təmin edilməsi məqsədilə bütün lazımi tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş şəhər və rayonlarımıza dəfələrlə səfərlər etməsi, qarşıya yeni inkişaf istiqamətləri, vəzifələr qoyması həmin ərazilərdə bərpa işlərinin aparılması ilə bağlı imzaladığı mühüm sənədlər bu torpaqların qısa müddətdə dirçələcəyindən və vətəndaşlarımızın layiqli yaşayışının təmin ediləcəyindən xəbər verir.