Qazaxıstanda kriptovalyuta əməliyyatları üçün vergilər artırılacaq

2022.02.16 13:33 (UTC+04:00)

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev respublikada aparılan kriptovalyuta mədənçiliyi (mayninq) üçün vergiləri artırmaq barədə göstəriş verib.

Ölkə prezidentinin sözlərinə görə, hazırda 1 kVt/saat elektrik enerjisinin 1 tengeyə satılması “son dərəcə azdır”. “Hökumətə bu verginin dərəcəsini ən yaxın vaxtlarda əsaslı şəkildə artırmağı tapşırıram”.

Hökumət aprel ayının 1-dək kriptovalyuta mədənçiliyinin (mayninq) tənzimlənməsi və inkişaf etdirilməsi üçün hərtərəfli həll paketi hazırlamalıdır. Prezident Kasım-Jomart Tokayev qeyd edib ki, kriptovalyuta mədənçiliyi fəaliyyətinin sosial-iqtisadi təsiri minimal səviyyədə olsa da, böyük miqdarda elektrik enerjisi sərfiyyatı tələb edir: “Dövlət qanuni mayninqin əleyhinə deyil, lakin bu sahədə işləmək istəyənlər müvafiq lisenziya əldə etməli, elektrik enerjisini adekvat tariflərlə satın almalı, gəlirlərini bəyan etməli və vergilərini ödəməlidirlər”.

Qeyd edək ki, Qazaxıstan keçən il bitkoin mədənçiliyində 18,1 faizlik payla dünyada ABŞ-dan sonra ikinci yeri tutmuşdu.