Mülki Məcəllənin 389-cu maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Yəni müqavilə bağlamaqla, şifahi razılaşdığımız şərtləri yazılı surətdə təsbit edirik və imzamızla həmin şərtləri qəbul edirik. Sonra da hər hansı problem çıxdıqda, həmin müqavilə əsasında pozulmuş hüquqlarımızı bərpa edə bilirik.
Alğı-satqı müqaviləsi əsasında avtomobilin qeydiyyat şəhadətnaməsi alan şəxsin adına rəsmiləşdirilir və o, avtomobilin qanuni mülkiyyətçisi olur.
Misal üçün, tutaq ki, avtomobil almaq üçün satıcı ilə qiymət danışılır, avtomobil diaqnostikadan keçirilir. Hər şey qaydasında olsa da, satıcı avtomobili etibarnamə əsasında satmaq istəyir, addan ada keçirtməyə (yəni alğı-satqı müqaviləsi ilə satmağa) vaxtının olmadığını deyir və avtomobil satıcıdan etibarnamə ilə alınır. Daha sonra avtomobildə diaqnostika zamanı üzə çıxmayan problemlər ortaya çıxdıqda satıcıya irad bildirib, avtomobili geri qaytarmaq və ödənilən pulu geri almaq, demək olar ki, mümkünsüz olur. Avtomobilin satışı alğı-satqı müqaviləsi əsasında olmadığından, avtomobilin pulunun satıcıya verildiyinə dair sübut olmur.
Yaxud belə hallara da rast gəlirik ki, avtomobili satıcıdan etibarnamə əsasında alarkən satıcının hansısa bir işiylə bağlı məhkəmə ondan pul tutulması barədə qətnamə çıxardıb və qətnamə icra edilməsi üçün müvafiq icra şöbəsinə yönləndirib. İcra məmuru qanuna uyğun olaraq, məcburi icra hərəkətlərindən birini icra edir - satıcının adına olan əmlakları yoxlayır və etibarnamə əsasında verilmiş avtomobili müəyyənləşdirir. Həmin avtomobil satıcının adına olduğundan avtomobilə həbs qoyulur və ya satıcıdan tutulacaq məbləğ avtomobilin qiymətini aşdıqda isə həmin borc avtomobilə yönəlir, onun satılmasına gedib çıxır.
Belə hallarla üzləşməmək üçün avtomobili dövlət rüsumunu ödəyərək müqavilə əsasında almağı məsləhət görərdim. İşi vaxtında rəsmi, qanunvericliyin müəyyən etdiyi qaydada görmək lazımdır ki, gələcəkdə hüquqlarınızı qoruya biləsiniz.